Hazırda dünyada 110 milyondan çox insan öz evini tərk edib və Sudanda davam edən böhranın qlobal yerdəyişməni indiyədək ən yüksək səviyyəyə çatdıracağı gözlənilir.
Debit.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığının hesabatında deyilir.
Təqiblər, münaqişələr, insan haqlarının pozulması və iqlim dəyişikliyi nəticəsində on milyonlarla insan məcburi köçkün vəziyyətinə düşüb, onların 70 faizi qonşu ölkələrə qaçıb.
Məlumata görə, bu rəqəm 2021-ci ildən bəri 21 faiz artım deməkdir və qaçqın və məcburi köçkünlərin qeydiyyatının başladığı 1975-ci ildən bəri ən böyük artımdır.
“Başqa motivlərlə, xüsusən də iqlim dəyişikliyinin təsirləri ilə qarışıq münaqişə, təqib, ayrı-seçkilik və zorakılıq səbəbindən qaçan 110 milyon insan var”, – BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Cenevrədə mətbuat konfransında deyib.
Filippo Qrandi qeyd edib ki, bu artımı əsasən keçən il Ukraynada milyonlarla insanın həm ölkə daxilində, həm də xaricdə didərgin düşməsinə səbəb olan vəziyyət, bu ilin aprelində isə Sudanda başlayan hərbi qarşıdurma şərtləndirib.
Onun sözlərinə görə, ən son rəqəmlər göstərir ki, əksəriyyəti sudanlı, eyni zamanda Sudanda yaşayan digər ölkələrdən qaçqın olan 450 mindən çox insan dəstək olmaması səbəbindən ölkəni tərk edib. Növbəti altı ay ərzində Sudanda ərzaq təminatı olmayan insanların sayının iki milyondan çox artacağı proqnozlaşdırılır.