2023-cü ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-may
aylarına nisbətən 113,1 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə
115,8 %, qeyri-ərzaq məhsulları üzrə 111,6 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə
110,6 % təşkil edib.
Debit.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,6 %, ötən ilin may ayına nisbətən 111,5 % təşkil edib.
Cari ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
ucuzlaşma qarabaşaq yarmasının, çörəyin, təzə balığın, südün, yumurtanın, süfrə
marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, çiyələyin, bananın, xiyarın,
pomidorun, bibərin, sarımsağın, soğanın, kartofun, arağın, bahalaşma isə əsasən düyünün,
mal, qoyun və toyuq ətinin, yoqurtun, xamanın, zeytun yağının, limonun, almanın,
balqabağın, kələmin, yerkökünün, şəkər və şəkər tozunun, mineral suların qiymətlərində
müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş
verməyib.
2023-cü ilin may ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100,1 %, əvvəlki ilin may ayına nisbətən 110,7 % təşkil etmişdir.
May ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından bahalaşma əsasən
ayaqqabıların, soyuducuların, kondisionerlərin, velosipedlərin, dezodorantların, ucuzlaşma
isə kəsilmiş taxtaların, kərpiсin, mobil telefonların və noutbukların qiymətlərində müşahidə
olub.
2023-cü ilin may ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri
indeksi əvvəlki aya nisbətən 100,3 %, əvvəlki ilin may ayına nisbətən 110,5 % təşkil
etmişdir. May ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdən
bahalaşma əsasən mənzillərin icarə haqlarında, paltarların, məişət cihazlarının, mənzillərin
təmiri, ictimai iaşə, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində, ucuzlaşma isə
hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə
olunub.