Yolda sürət həddini aşmaya görə cərimələr artırılır.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.
Belə ki, yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 200 manat məbləğində cərimə tətbiq olunacaq. Digər bir dəyişikliklə isə yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 300 manat məbləğində cərimə tətbiq olunacaq.
Məcəllənin hazırkı variantı aşağıdakı kimidir:
Yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə 150 manat məbləğində cərimə edilir. Yolda müəyyən edilmiş hərəkət sürətini 61 km/saat və daha artıq aşmağa görə 250 manat məbləğində cərimə edilir.
Nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə cərimə 60 manatdan 80 manata qaldırılır.