Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin bir barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır.
Debit.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi göndərilib.
2023-cü ilin dövlət büdcəsinə dəyişikliklər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə uyğun olaraq təklif olunur.
Cari ilin ötən dövrü ərzində dövlət büdcəsinin gəlirlərinin proqnozlara qarşı əhəmiyyətli dərəcədə çox olması, ölkə iqtisadiyyatının sosial-iqtisadi inkişafına dair ötən ilin payızında verilmiş proqnozun yenilənməsi və ümumi daxili məhsulun (ÜDM) əvvəlki proqnozla müqayisədə 5,6 milyard manat artırılması bu ilin dövlət büdcəsində əlavə maliyyə resurslarının yaranmasını və onların bölünməsini gündəmə gətirir.
Dünyada gedən qlobal iqtisadi və geosiyasi proseslər, enerji daşıyıcılarının qiyməti, 2022-ci ilin faktiki nəticələri və cari il üzrə müşahidə olunan tendensiyalar nəzərə alınmaqla, 2023-cü ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən cari il üzrə makroiqtisadi proqnozlar yenilənib.
Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin bir barrelinin orta ixrac qiyməti 60,0 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). 2023-cü ildə ÜDM-in real ifadədə 1,8 faiz artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft ÜDM-in real ifadədə 4,9 faiz artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.
Orta illik inflyasiyanın isə cari ildə 10,4 faiz (əvvəlki proqnoza (6,9 faiz) nəzərən 3,5 faiz bənd çox olacağı gözlənilir.