Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin təşkilatçılığı, DVX-nın aidiyyəti strukturlarının və investisiya şirkətlərinin təmsilçilərinin iştirakı ilə görüş keçirilib.
Debit.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tədbirdə sahənin nümayəndələrinin qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində təkliflər, qanunvericilikdə mövcud olan vergitutma mexanizmlərinin təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirə olunan mövzular arasında sahənin vəziyyəti, rəqəmsal maliyyə aktivləri və onlar vasitəsilə aparılan əməliyyatlar, maliyyə bazarında investorların fəaliyyəti və bu istiqamətlərdə qanunvericiliyin tələbləri yer alıb.
Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev qiymətli kağızlar bazarının inkişafı istiqamətində vergi qanunvericiliyində yer alan stimullaşdırıcı tədbirlər barədə məlumat verib, investorların kapital bazarında fəal iştirakını və investor bazasının genişləndirilməsini təşviq edən alətlərin bu sahəyə təsiri barədə fikirlər səsləndirib.
Görüşdə səsləndirilən məsələlərlə bağlı müvafiq izahatlar verilib, sahənin nümayəndələrinin sualları cavablandırılıb. İştirakçıların təkliflərinin diqqətdə saxlanılacağı və dövlət-biznes əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi bildirilib.

