Köləlik qədim dövrlərdən bir çox sivilizasiyalarda müxtəlif formalarda mövcud olub. Günümüzdə köləlik bütün ölkələrdə qanunla qadağan edilsə də, defakto bu problem hələ də dünya üçün aktualdır. Müasir köləliyə məcburi əmək, məcburi nikah, borc əsarəti, insan alveri, uşaqların satışı və istismarı, cinsi istismar və köləliyə bənzər digər təcrübələr aid olunur.
“Walk Free” beynəlxalq insan haqları təşkilatının dünyanın 160 ölkəsində aparılan araşdırmaları göstərir ki, 2021-ci ildə dünyada müasir köləlik şəraitində yaşayan insanların sayı 50 milyona çatıb ki, bu da 2016-cı ilin göstəriciləri ilə müqayisədə 10 milyon çoxdur.
Təşkilatın hesablamalarına görə, dünya qullarının üçdə ikisi Hindistan, Çin, Şimali Koreya, Pakistan, Rusiya, İndoneziya, Nigeriya, Türkiyə, Banqladeş və ABŞ daxil olmaqla on ölkədə yaşayır. Qulların sayına görə dünya regionları arasında Asiya və Sakit Okean bölgəsi geniş fərqlə liderlik edir – 29,3 milyon nəfər.
Köləliyin ən yüksək səviyyəsi əhalinin hər 1000 nəfərinə düşən 104,6 nəfərlə Şimali Koreya, 90,3 nəfərlə Eritreya, 32 nəfərlə Mavritaniyada qeydə alınıb, ən aşağı səviyyəsi isə İsveçrə və Norveçdədir (hər 1000 nəfərə 0,5 nəfər).
Silahlı münaqişələr, iqlim dəyişikliyi, gender bərabərsizliyi, COVID-19 pandemiyası kimi qlobal hadislələr müasir köləliyə birbaşa təsir göstərib. Mülki və siyasi hüquqların kütləvi şəkildə pisləşməsi insanlar üçün köləlik riskini artırıb.
Münaqişələrdən, təbii fəlakətlərdən və ya hüquq pozuntularından qaçan və ya iş axtarmaq üçün mühacirət edənlər istismara xüsusilə həssasdırlar. Qadınlar və uşaqlar isə ən həssas qrupa aiddirlər.