2022-ci il ərzində nominal üzrə yerləşdirilmiş istiqrazların məbləği 2507,2 milyon manat təşkil edib. Yerləşdirilmiş istiqrazlar üzrə dövlət büdcəsinə 2406,7 milyon manat daxil olub ki, bundan da əvvəlki illərdə buraxılmış istiqrazlar üzrə 838,4 milyon manat (əsas borc) geri ödənilib.
Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.
Qeyd edək ki, yerdə qalan 1568,3 milyon manatın 976,3 milyon manatı büdcə kəsirinin maliyyələşdirilməsinə, 592 milyon manatı isə konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin ödənilməsinə yönəldilib.
Xatırladaq ki, 01.01.2023-cü il tarixinə dövlət istiqrazları üzrə borcun ümumi məbləğinin keçən ilin eyni dövrünə nisbətdə 1681,1 milyon manat artaraq 4188,2 milyon manat təşkil edib və hesabat ili ərzində yerləşdirilmiş istiqrazlar üzrə yaranmış faiz xərcləri 238,5 milyon manata bərabər olub.
APA