Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Debit.az quruma istinadən xəbər verir ki, tədbirlər çərçivəsində Agentlik əməkdaşları tərəfindən Tovuz rayonu, Aşağı Öysüzlü kəndində fəaliyyət göstərən Tağıyeva Xəyalə Akif qızına məxsus ərzaq satışı mağazasında plandankənar yoxlama keçirilib. Baxış zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi məlum olub. Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib və saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı alınacaqdır.

