“TikTok” istifadəçiləri federal məhkəməni Montana ştatının tətbiqə qoyduğu qadağanı ləğv etməyə çağırır.
Montana qubernatoru Qreq Canfortenin çərşənbə günü “TikTok”u qadağan edən qanunu imzalamasından bir neçə saat sonra platformanın beş istifadəçisi bununla bağlı məhkəmədə iddia qaldırıb.
İstifadəçilər hesab edirlər ki, ştat yalnız federal hökumətin malik ola biləcəyi milli təhlükəsizlik səlahiyyətindən istifadə etməyə çalışır və bununla da vətəndaşların söz azadlığı hüquqlarını pozur.
“Montana öz sakinlərinə “The Wall Street Journal”ı kimə məxsus olduğuna ya da dərc etdiyi fikirlərə görə qadağan edə bilmədiyi kimi “TikTok”a baxmağı və ya məlumat dərc etməyi də qadağan edə bilməz”, – iddiada bildirilir.
Qeyd edək ki, çərşənbə günü qubernatoru Qreq Canforte “TikTok”u qadağan edən qanun imzalayıb və bununla da Montana məşhur platformanı qadağan edən ilk ABŞ ştatı olub.
Qadağa 2024-cü il yanvarın 1-dən birindən qüvvəyə minəcək, lakin yeni qanun “TikTok”un ABŞ-da qeydiyyatdan keçmiş şirkət tərəfindən satın alınacağı halda qadağanın ləğv olunmasını da nəzərdə tutur.