Amerikalı iş adamı İlon Mask evdən işləyən insanları tənqid edib və bunu fiziki olaraq iş yerindən işləyən insanlara qarşı təhqir adlandırıb.
“CNBC” telekanalına müsahibəsində Mask deyib ki, insanlar iş yerində olduqda daha məhsuldar olurlar. Biznesmen, həmçinin qeyd edib ki, evdən işləməyi mənəvi cəhətdən də yanlış hesab edir.
“Siz evdən işlədiyiniz halda sizin avtomobilinizi düzəldən hər kəsi fabrikdə işləməyə məcbur edəcəksiniz? Evinizi təmir etməyə gələn insanlar evdən işləyə bilmirlər, siz isə bunu edə bilirsiniz? ”, – deyə İlon Mask soruşub.
Koronavirus pandemiyası bir çox işçinin evdən işləməsinə səbəb oldu, korporativ normalar, səyahət qaydaları dəyişdi və qeyri-müəyyənlik şəraitində çevikliyi təmin etmək üçün ortaq ofis sahəsinə tələbat artdı.
Ötən ilin mart ayında “Prudential” maliyyə xidmətləri şirkəti tərəfindən aparılan sorğu nəticəsində məlum oldu ki, məsafədən işləyən işçilərin 42%-i şirkətləri uzun müddətə evdən işləmək variantı təklif etməyə davam etməsələr, yeni iş axtarmağı planlaşdırırlar.
İlon Mask isə həmin dönəmlərdə ofisə qayıtmağın qatı tərəfdarlarından biri idi. Ötən ilin iyununda o, Tesla işçilərinə bildirmişdi ki, uzaqdan işləmək istəyən hər kəs həftədə ən azı 40 saat ofisdə olmalı və ya “Tesla”dan ayrılmalıdır.