2022-ci ildə Dövlət Neft Fondunun gəlirləri proqnozlaşdırılandan 6,8 % çox olub.
Debit.az xəbər verir ki, Hesablama Palatasının “Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaitlərinin formalaşdırılmasının və əsas istiqamətlər üzrə istifadəsinin auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatına görə, 2022-ci il ərzində manat ifadəsilə Dövlət Neft Fondunun büdcə gəlirlərinin ümumi həcmi 16 milyard 866 milyon 500 min manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (15 milyard 789 milyon 100 min manat) 106,8 faiz səviyyəsində icra edilib.
2022-ci il ərzində Dövlət Neft Fondunun büdcə xərcləri 7 milyard 988 milyon 300 min manat təşkil etməklə, büdcədə nəzərdə tutulana nisbətən (11 milyard 597 milyon 100 min manat) 68,9 faiz səviyyəsində icra olunub.
2022-ci ilin sonuna Dövlət Neft Fondunun büdcəsində 8 milyard 878 milyon 2 min manat və yaxud 4 milyard 886 milyon 900 min ABŞ dolları məbləğində profisit yaranıb.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2022-ci ilin büdcəsində proqnoz dövrü üzrə 1 barel xam neftin orta illik qiyməti 70,0 ABŞ dolları nəzərdə tutulduğu halda il ərzində bir barelin ortaçəkili qiyməti 101,1 ABŞ dolları, xalis mədaxil qiyməti isə 98,1 ABŞ dolları olması müəyyən edilib.
Beynəlxalq bazarlarda xam neftin qiymətinin Fondun büdcəsində nəzərdə tutulmuş orta illik ixrac qiymətilə müqayisədə yüksək olması, xərclərin isə təsdiq edilmiş büdcə göstəricilərinə nisbətən əhəmiyyətli dərəcədə aşağı səviyyədə icra edilməsi, vəsaitlərin idarəedilməsindən əldə olunan gəlirlərin zərərlə və büdcədənkənar xərclərin olmasına baxmayaraq Fondun valyuta ehtiyatlarının ilin əvvəli ilə müqayisədə artmasına şərait yaradıb.