“Dolları silahlı mübarizə aləti kimi istifadə edən Amerika elitası Amerika xalqının etibarından sui-istifadə edir”.
Debit.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin iyunun 16-da Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun plenar iclasında deyib.
“Dollardan silahlı mübarizə aləti kimi istifadə etməklə Amerika valyutasının həm dünya ticarətində hesablaşma aləti, həm də yığım vasitəsi kimi etibarlılığına şübhələr yaradırlar”, – Putin bildirib.
O qeyd edib ki, böyük iqtisadiyyata malik ölkələr dollarda saxlanılan ehtiyatlarının həcmini ildən-ilə azaldırlar.
Bundan əlavə, Rusiya prezidenti dövlətlər arasında dollarla hesablaşmaların azalmasına və milli valyutalarla əvəz olunmasına diqqət çəkib:
“Milli valyutalarda hesablaşmalar artır: yuanda, ərəb ölkələrinin bəzi valyutalarında. Hətta Avropadan uzaqda olan Latın Amerikasında da öz valyutalarını yaratmaq üçün layihələr ortaya çıxır. Ərəb dünyasında da öz vahid valyutasını yaratmaq haqqında danışılır”.
Putinin sözlərinə görə, bu tendensiya davam edərsə, bu, dolların sonunun başlanğıcı olacaq.