30 may 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Debit.az birjaya istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.
Ortamüddətli dövlət istiqrazlarının ümumi həcmi 50 milyon manat, nominal dəyəri 100 manat, faiz gəliri 7 faiz, təavül müddəti 1092 gündür. İstiqrazlar 2026-cı il aprelin 21-də ödəniləcək. “PAŞA Kapital” İnvestisiya Şirkəti QSC anderrayter vəzifəsində çıxış edir.
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.