2024-cü il yanvarın 1-dən etibarən ABŞ-nin Montana ştatında “Google” və “Apple” tətbiqlərinə öz sərhədləri daxilində “TikTok” u təklif etmələri qadağan ediləcək.
Siyasətçilər Çin hökumətinin mümkün müdaxiləsi ilə bağlı narahatlıqlara görə 150 milyondan çox ABŞ istifadəçisi olan “TikTok”a qadağa qoyulmasına çağırır.
Montananın qubernatoru, respublikaçı Qreq Canforte bildirib ki, bu xarici düşmənlərlə mübarizədə son addımdır.
Çərşənbə günü qubernator “TikTok”u qadağan edən qanun imzalayıb və bununla da Montana məşhur platformanı qadağan edən ilk ABŞ ştatı olub. Qadağa qüvvəyə mindikdən sonra platforma gündə 10 000 dollara qədər cərimə oluna bilər.
Bununla belə, analitiklər hessab edir ki, qadağa istifadəçilərin azad söz hüquqlarının pozulması ilə bağlı çoxsaylı hüquqi problemlərlə üzləşə bilər.
“TikTok”un açıqlamasında isə bildirilir ki, qanun layihəsi tətbiqi qeyri-qanuni qadağan etməklə Montana əhalisinin Birinci Düzəlişdə nəzərdə tutulan hüquqlarını pozur. Şirkət, həmçinin öz istifadəçilərinin hüquqlarını qoruyacağını qeyd edib.
“TikTok” əvvəllər məlumatların Çin hökumətinə ötürülməsi iddiasını rədd edib və bunu heç bir halda etməyəcəyini bildirib.