2019-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasının nəticəsi əsasında yenidən hesablanmış əhalinin sayı 2023-cü il aprel ayının 1-i vəziyyətinə 10 138 585 nəfər təşkil edib. Əhalinin 54,6 faizini şəhər, 45,4 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin ilk üç ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə üzrə 27 753 doğulan körpə qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,7-dən 11,1-ə düşüb.
Ddoğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,3 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 46,7 faiz olub.
Doğulan körpələrdən 902-si əkiz, 54-ü üçəm olub.
Cari ilin yanvar-mart aylarında ölkədə 16 672 ölüm halı qeydə alınıb və 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 7,5-dən 6,7-yə düşüb.