Cari ilin yanvar-aprel ayları ərzində yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 5,9 faiz və 19,2 faiz artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 71,2 milyon ton yük daşınıb. Yüklərin 3,7 faizi dəniz, 8,3 faizi dəmir yolu, 0,1 faizi hava, 55,0 faizi avtomobil nəqliyyatı, 32,9 faizi isə boru kəməri vasitəsi ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,1 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,2 faiz təşkil edib.
Ötən 4 ay ərzində nəqliyyatçılar tərəfindən 578,6 milyon sərnişinə xidmət göstərilib. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
2023-cü ilin yanvar-aprel aylarında dəmir yolu nəqliyyatı ilə 5,9 milyon ton yük, 2077,4 min sərnişin daşınıb. 2022-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,4 faiz, sərnişin daşınmasında isə 54,8 faiz artım müşahidə olunub.