Yaponiya Rusiyanın “Arktik LNG-2” layihəsində payını saxlayıb və 2026-cı ilə qədər Rusiya maye qazının tədarükünü ildə 2 milyon ton artırmağı planlaşdırır.
Debit.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu müsahibəsində Rusiyanın Sapporodakı (Yaponiya) baş konsulu Sergey Marin deyib.
“Əgər hər şey plan üzrə getsə, Yaponiya hazırda Rusiyadan aldığı sıxılmış qaza ildə təxminən 2 milyon ton LNG əlavə edəcək, yəni ümumi idxalın təxminən 9%-i qədər”, – deyə baş konsul bildirib.
Onun sözlərinə görə, Yaponiya Rusiya ilə onlar üçün faydalı olan sahələrdə əməkdaşlığı davam etdirir. “Arktik LNG-2” layihəsi də bunlardan biridir.
21,3 milyard dollar dəyərində olan layihə hər birinin gücü ildə 6,6 milyon ton olan üç “LNG” istehsal xəttinin tikintisini nəzərdə tutur.
Yaponiyanın “Mitsui & Co” və “JOGMEC” konsorsiumu layihədə 10% payını saxlayıb, lakin yeni investisiyaları dondurub.
Layihənin birinci xətti bu ilin sonuna qədər fəaliyyətə başlayacaq.