Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinə müraciət edib.
Bildirilib ki, KOB-ların neft-qaz şirkətlərinin təchizat zəncirində iştirakının genişləndirilməsinə dəstək məqsədilə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisində xüsusi stend qurulacaq. 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”) 31 may – 2 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək.
Sərgidə neft, qaz və energetika sahəsinin aparıcı şirkətləri tərəfindən neft və qaz avadanlıqları, neft-qaz yataqlarının işlənməsi xidmətləri, enerji daşıyıcılarının nəqli, neft və qazın saxlanması üçün anbar sistemləri, neft-kimya məhsulları, texniki xidmət, təhlükəsizlik sahələrində innovativ texnologiyalar və s. məhsul və xidmətlər nümayiş olunacaq.
Kiçik və orta biznesin neft-qaz şirkətlərinin təchizat zəncirindəki rolunu artırmaq, bu sahədə əməkdaşlığı genişləndirmək, eləcə də onların məhsul və xidmətlərinin tanıdılması məqsədilə KOB-ların sərgidə iştirakına dəstək göstəriləcək. Bu məqsədlə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və bp şirkəti sərgidə KOB-lar üçün ayrıca stend təşkil etməyi planlaşdırırlar.
Ödənişsiz olaraq məhsul və xidmətlərini bu stenddə təqdim etmək istəyən KOB-lar mayın 19-dək https://bit.ly/44G0Wiq vasitəsilə müvafiq formanı dolduraraq (“İştirak etmək istədiyiniz tədbir” bölümündə “Caspian Oil and Gas 2023” qeyd olunmalıdır) KOBİA-ya müraciət edə bilərlər.
