“Ford” şirkəti “E-Transit” furqonununun hidrogen versiyasının işləyə biləcəyini yoxlamaq üçün hidrogen yanacağı sınaqlarına başlayır.
Hidrogenin sınağı və infrastrukturu üzrə layihəyə “BP”, “Ocado”, “Cygnet Texkimp”, “Cambustion” və “Viritech” şirkətləri qoşulacaq.
Tədqiqatın bir hissəsi İngiltərənin “Advanced Propulsion Centre” (APC) tərəfindən maliyyələşdiriləcək. Layihə çərçivəsində “Ford” texnologiyanın ən son nailiyyətlərindən istifadə edərək, hidrogen yanacağı ilə işləyən “Transit” furqonlardan ibarət park layihələndirəcək.
“Ford Transit” furqonunun hidrogen yanacağı ilə işləyən versiyası şirkətin Dagenham (İngiltərə) zavodunda işlənib hazırlanacaq və avtomobilin təkmilləşdirilməsi üçün zavod yenidən qurulacaq.
“İstehsalçıları, nəqliyyat vasitələrinin operatorlarını və təchizat zənciri müəssisələrini bir araya gətirən bu layihə hidrogenlə işləyən yüngül kommersiya avtomobillərinin daha geniş tətbiqi üçün biznes nümunəsi yaratmağı hədəfləyir”, – APC-nin məlumatında deyilir.
“”Ford” hesab edir ki, hidrogen yanacağı emissiyaların olmaması və müştərilərimizin gündəlik yüksək enerji tələbatını qarşılamaq üçün ən böyük, ən ağır kommersiya avtomobillərində tətbiq oluna bilər” – “Ford”un İngiltərə bölməsinin rəhbəri Tim Sletter deyib.
Sletter qeyd edib ki, “Ford”un kommersiya avtomobilləri sektorunda misilsiz tarixi var və şirkət “Transit” mikroavtobusları üçün təmiz yanacaq növünün əldə edilməsi yollarını araşdırmaqdan məmnundur.
Kommersiya avtomobilləri üçün hidrogen yanacaq texnologiyasının tərəfdarları hesab edirlər ki, bu cür avtomobillər üçün sıfır emissiyalı hidrogen yanacağı daha uyğun ola bilər, çünki elektrik avtomobillərinin akkumulyatorları çox ağır olacaq, doldurulması vaxt aparacaq və elektrik şəbəkələrini gərginləşdirəcək.